Xaricdə təhsil sizin şəxsi və peşəkar inkişafınız üçün yeni mədəniyyətlər və perspektivlərlə tanış olmaq, əlaqələriniz genişləndirmək və dil biliklərinizi təkmilləşdirmək kimi bir çox üstünlüklərə malikdir. Əgər siz hələ də xaricdə təhsil seçiminin hansı Avropa ölkəsi olacağına qərar verməmisinizə və ya Avstriyada təhsil almaq istəyirsinizsə bu yazı sizin üçündür. Həm də düşünsək bu ölkə niyə də Avstriya olmasın ki?! Əgər ağlınızda başqa ökə varsa, bu məqaləni oxumaqda fayda var.
Avstriya, Österreyx və ya rəsmi olaraq Avstriya Respublikası Avropanın mərkəzi hissəsində yerləşən dənizə çıxışı olmayan bir ölkədir. Ölkə Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, İtaliya, İsveçrə və Lixtenşteyn kimi ölkələrlə həmsərhəddir və 9 milyona yaxın əhalisi var. Ölkə federativ respublikadır və 9 əraziyə (Bundesländer) bölünür, Alp dağlarının mərkəzində yerləşir.
Bu bloqa daxildir
- Zəngin mədəniyyət və irs
- Sərfəli və rahat təhsil
- Avstriyada yaşam xərcləri
- Avstriyanın ali təhsil sistemi
- Avstriyada təhsil – akademik təqvim
- Avstriya universitetlərinə necə müraciət etmək olar?
- Avstriyada universitetləri və qəbul tələbləri
- Qəbul üçün tələb olunan sənədlər
- Avstriyada təhsil və təqaüd proqramları
- Avstriyada təhsil yekunlaşandan sonra bu ölkədə necə qalmaq olar?
- Avstriyada təhsil alarkən iş imkanları
- Avstriyanın ən yaxşı universitetləri
Zəngin mədəniyyət və irs
Avstriya klassik musiqi, tarixi abidələr, musiqi, ədəbiyyat və daha bir çox şeyin sinonimidir. Opera və memarlıq da daxil olmaqla dünyaya mədəniyyət və incəsənət töhfələri ilə tanınır. Motsart, Bethoven və Haydn kimi ən məşhur klassik bəstəkarların doğulduğu yer olan Avstriya musiqi mükəmməlliyinin mərkəzidir. Ölkənin qədim sənət ənənələri var və onun paytaxtı Vyana şəhəri çoxsaylı muzeylər, qalereyalar və sənət kolleksiyalarına ev sahibliyi edir.
Sərfəli və rahat təhsil
Avstriyanı təhsil almaq üçün ideal yer edən səbəb Avstriyada həyat keyfiyyətinin əla olması, Böyük Britaniya və ya Birləşmiş Ştatlar kimi digər yüksək inkişaf etmiş ölkələrlə müqayisədə, bu Alp ölkəsində təhsilin o qədər də bahalı olmamasıdır.
Nisbətən ucuz və ödənişsiz təhsil sistemi səbəbindən bir çox tələbə Avstriyada təhsil almağa üstünlük verir. Ölkə tələbələrin asudə vaxtlını ayıra biləcəyi daha rahat kurikulum təklif edir. Təhsil proqramlarının qiyməti də bir çox ölkələrlə müqayisədə ucuzdur. Dünyanın ən yaxşı universitetlərindən bəzilərivə yüksək səviyyəli tədris Avstriyanı xaricdə təhsil almaq üçün mükəmməl seçim halına gətiri.
Avstriyada yaşam xərcləri
Avstriya dünyanın ən zəngin ölkələri sırasında sayılsa da, Avstriyada ümumi yaşam xərcləri digər Avropa ölkələri ilə müqayisədə o qədər də yüksək deyil.
Aşağıdakı siyahıda siz tələbələr üçün aylıq yaşayış xərclərinin təxmini (avro ilə) tapa bilərsiniz. Bu rəqəmlər yalnız təlimat rolunu oynayır və dəqiqliklə belə olduğu deyilə bilməz.
Yaşayış – təqribən. 450 avro
Xərclər təhsil alacağınız şəhərdən, kirayə haqqına nələrin daxil olmasından və yaşacağınız əraziyə aid tənzimləmələrdən asılıdır. Məsələn, Vyanada mənzil kiçik şəhərlərə nisbətən daha bahadır.
Qida
Xoşbəxtlikdən, Avstriyada münasib qiymətlərlə ərzaq təklif edən bir çox endirimli supermarketlər var. Bir çox universitetlərdə sərfəli qiymətə yaxşı yemək ala biləcəyiniz özünəxidmət tələbə yeməkxanaları (Mensa) mövcuddur. Ancaq yemək üçün ən ucuz yol öz yeməklərinizi hazırlamaqdır. Bəzi orta qiymətlər: kafedə bir fincan qəhvə/çay: 2,50-3,50 avro, çörəkxanada sendviç: 4,50 avro, adi restoranda şam yeməyi: 12 avro.
Avstriyanın ali təhsil sistemi
Avstriyanın bütün doqquz federal əyalətində 80-dən çox Ali Təhsil Məktəbi var. Bakalavr, magistratura və doktoranturadan ibarət üç dövrəli ali təhsil sisteminə malikdir.
Diplom işlərinin müddəti 8-10 semestrdir. Bakalavr proqramlarının müddəti 6 ilə 8 semestr arasındadır. Magistr proqramları isə 2 ilə 4 semestr arasında davam edir. Doktorantura proqramlarının müddəti 6 semestrə qədərdir.
Avstriya universitetlərində əsas tədris dili alman dilidir. Həmçinin də proqramlar ingilis dilində də tədris olunur. Beynəlxalq tələbələr üçün Dövlət Universitetləri, Özəl Universitetlər və Tətbiqi Elmlər Universitetləri mövcuddur. Halbuki, Dövlət Universitetləri təhsil təklifləri baxımından çox müxtəlifdir. Beləliklə, bu universitetlər aşağıdakı kimi təsnif edilir.
- Ümumi və ixtisaslaşdırılmış universitetlər
- Tibb Universitetləri
- İncəsənət Universitetləri
- Texniki Universitetlər
Avstriyada təhsil – akademik təqvim
Avstriyada tədris ili oktyabrın 1-də başlayır və növbəti ilin sentyabrın 30-da başa çatır. Akademik il qış və yay semestrləri daxil olmaqla iki semestrdən ibarətdir. Qış semestrinin müddəti oktyabrın 1-dən yanvarın 30-dək davam edir. Beynəlxalq tələbələr üçün qış semestri üçün universitet müraciətləri müraciət edəcəyiniz universitetdən və proqramdan asılı olaraq dəyişir. Ümumilikdə son müraciət tarixləri fevral ayından, sentyabr ayına qədər davam edir.
Yay semestri martın 1-dən sentyabrın 30-dək davam edir. Yay semestri üçün universitet müraciət etmək üçün son tarix hər il noyabr ayından fevral ayınadək davam edir.
Avstriya universitetlərinə necə müraciət etmək olar?
Avstriyada universitetlər qəbul prosesini özləri təşkil edir. Tələbə uyğun proqramı tapıqdan sonra, konkret proqramı təklif edən universitetlə əlaqə saxlamalıdır. Qəbul şöbəsi sizə proqram haqqında, tələblər barədə ətraflı məlumat verə və ya sizin hər-hansı digər suallarınızı cavablaya bilər.
Ümumilidə müraciət prosedurlarını universitetin saytında tapa bilərsiniz. Bəzən universitet müəyyən bir kurs üçün xüsusi qəbul prosesi aparır. Bir çox ixtisasda limitli qəbul mövcuddur. Bu o deməkdir ki, proqram müəyyən sayda limitli tələbə qəbul edəcək.
Avstriyada universitetləri və qəbul tələbləri
Universitetə qəbul tələblərinin nədən ibarət olması, hansı proqramı nəzərə aldığınızdan asılıdır. Əksər hallarda bakalvr üçün universitetə qəbul imtahanından keçməlisiniz. Qəbul testindən keçsəniz, növbəti prosesə başlaya bilərsiniz. Ümumilikdə hər universitet və ixtisas üçün qəbul tələbləri fərqlidir. Müəyyən bir ixtisas üçün əsas meyarları axtarmaq üçün həmişə universitetin veb-saytını yoxlamaq tövsiyə olunur.
Qəbul üçün tələb olunan sənədlər
- Vətəndaşlığı təsdiq edən sənəd (pasportunuzun surəti)
- Attestat, Bakalv diplomu, Diplom əlavəsi
- Tərcümeyi-hal (CV) və Motivasiya Məktubu.
- Dil sertifikatı
Avstriyada təhsil və təqaüd proqramları
Avstriyada beynəlxalq tələbələr üçün müxtəlif növ təqaüdlər var.
Avstriyada təqaüdlər və tədqiqat qrantları üçün ən böyük onlayn məlumat bazası http://www.grants.at sistemli axtarış seçimləri ilə həmişə yenilənir. 1200-dən çox maliyyə dəstəyi haqqında məlumat burada mövcuddur.
grants.at saytında siz bütün dərəcə proqramları üçün qrantları, hətta bir semestr və ya bir il üçün təqaüd proqramlarını, bununla yanaşı, müəyyən bir kurs və ya proqramda müavinətlər, subsidiyalar və mükafatlar haqqında informasiyaları, müxtəlif tədqiqat sahəsində tədqiqat qrantları və universitetlərin fərdi qrantları haqqında məlumatları da burada tapa.
- Bakalavrlar, məzunlar, aspirantlar, doktorantlar və tədqiqatçılar üçün OeAD təqaüd proqramı.
- LogiCS doktorantura proqramı maliyyələşdirilən PhD dərəcəsi proqramıdır. Bu LogiCS proqramı yüksək motivasiyalı tələbələrə yönəldilmişdir. Gənc tədqiqatçılar üçün imkanlar yaratmaq üçün LogiCS doktorantura proqramı ilə əməkdaşlıq edən bir çox universitetlər var.
- İnkişaf etməkdə olan ölkələrin tələbələri üçün Avstriya Hökuməti Təqaüd Proqramı. Həmçinin də Beynəlxalq Mülki Sülhməramlı və Sülh Quruculuğu üzrə Təlim Proqramı (IPT) adlanır. Bu proqram müraciətçilərə müxtəlif sahələrdə təlimlər təklif edir.
- Burgenland əyaləti Avstriya Hökuməti tərəfindən təklif olunan Qismən Maliyyələşdirmə beynəlxalq təqaüdüdür. Təqaüdün dəyəri hər semestr üçün 600 Avro təşkil edir.
- Doktorantura Namizədləri üçün Talent Avstriya Təqaüdləri Avstriya Hökuməti tərəfindən təklif olunan Qismən Maliyyələşdirmə beynəlxalq təqaüdüdür.
- ImPulsTanz danceWEB Təqaüdü Avstriya Hökuməti tərəfindən təklif olunan başqa bir tam maliyyələşdirilən təqaüddür.
Avstriyada təhsil yekunlaşandan sonra bu ölkədə necə qalmaq olar?
Qeyri-AB tələbələri, təhsil vizası bitdikdən sonra Avstriyada qalmaq üçün yaşayış icazəsinə ehtiyac duyurlar. Avstriya isə təhsilini başa vurmuş qeyri-AB tələbələrinə bir illik iş axtarış vizası verir. Bu qayda bakalavr, magistr və doktorantura məzunlarına şamil edilir.
Tələbə vizasının müddəti bitməzdən əvvəl iş axtarış vizası müraciət edilməlidir. İş axtarış icazəsində qaldığınız müddətdə iş tapdıqdan sonra, işəgötürəninizlə əmək müqaviləsi bağlamaqla 2 illik iş vizası alacaqsınız. Bbu 2 illik iş icazəsi yenilənə bilər.
Siz təhsil aldıqdan sonra öz biznesinizi qura və iş axtarış icazəsini biznes icazəsinə çevirə bilərsiniz.
Avstriyada təhsil alarkən iş imkanları
Tələbə olduğunuz müddətdə həftədə 20 saat yarım-ştat (part-time) işləyə bilərsiniz.
Part-time işlər restoran ofisiantları, otel işçiləri, barmenlər, satıcılar, mağaza işçiləri, çatdırılma işləri, kassirlər və xarici dil dərsi tədrisi ola bilər. Siz part-time işlərlə ayda 600 avro ilə 1000 avro arasında qazana bilərsiniz.
Bununla belə, peşəkar karyeranıza başlamağın ən yaxşı yolu təcrübə proqramlarıdır. Bu təcrübə proqramları bir çox sahəedə mövcuddur. Universitetlər də tələbələrə təcrübə keçməyi tövsiyə edir. Kampusda iş imkanlarını da istisna etməməlisiniz.
Avstriyanın ən yaxşı universitetləri
Avstriya ən yaxşı universitetləri gənclər və tələbələr üçün keyfiyyətli təhsil vədd edir. Ölkə dünyanın ən böyük, ən məşhur və tanınmış biznes məktəblərinə, hüquq kolleclərinə, tibb universitetlərinə və mühəndislik məktəblərinə ev sahibliyi edir.
Avstriyanın ən yaxşı universitetlərinin siyahısı:
İncəsənət Universitetləri
- Vyana Tətbiqi İncəsənət Universiteti
- MDW (Vyana Musiqi və İfa Sənəti Universiteti)
- Vyana Gözəl Sənətlər Akademiyası
- Salzburg Mozarteum Universiteti
- Musiqi və İfa Sənəti Universiteti (KUG)
- Linz İncəsənət və Dizayn Universiteti
Ümumi və ixtisaslaşdırılmış universitetlər
- Vyana Universiteti
- BOKU (Təbii Sərvətlər və Həyat Elmləri Universiteti)
- Baytarlıq Tibb Universiteti, Vyana
- WU (Vyana İqtisadiyyat və Biznes Universiteti)
- Klagenfurt Universiteti
- Salzburg Universiteti
- Qrats Universiteti
- İnsbruk Universiteti
- Johannes Kepler Universiteti Linz (JKU)
Tibb universitetləri
- Vyana Tibb Universiteti
- İnsbruk Tibb Universiteti
- Qraz Tibb Universiteti
- Texniki Universitetlər
- Vyana Texnologiya Universiteti
- Montanuniversität Leoben
- Qraz Texnologiya Universiteti
Və budur…
Avstriya sizin seçə biləcəyiniz, beynəlxalq tələbələrə müxtəlif imkanlar təklif edən əla ölkədir. ABŞ, Böyük Britaniya və ya Avstraliya kimi digər məşhur təhsil ökələri ilə müqayisədə, təhsil haqları çox münasibdir. Ölkədə həyat keyfiyyəti çox yüksək, cinayətkarlıq səviyyəsi aşağıdır. Zəngin tarixi və mədəniyyəti ilə bu Avropa ölkəsində hər şey var.