Şimali Avropada yerləşən Estoniya zəngin mədəni irsə, valehedici mənzərələrə və beynəlxalq şöhrət qazanmış müasir təhsil sisteminə malikdir. Bu bloq yazıda biz Estoniyada təhsil, onun unikal xüsusiyyətlərini araşdıracaq və bu ölkədə təhsil almaq istəyən gənclərə ətraflı məlumat verəcəyik!
Bu bloqa daxildir:
- Estoniya – Mədəni zənginlik və qonaqpərvər mühit məkanı
- Təhsilə İnnovativ yanaşma
- Tədris dili
- Estoniyanın ali təhsil müəssisələri
- Estoniyada təhsil almaq neçəyə başa gəlir?
- Təqaüd proqramları
- Estoniya universitetlərinə qəbul üçün tələblər hansılardır?
- Estoniya üçün Tələbə Vizasına ehtiyacım varmı?
- Estoniyada yaşam xərcləri
Estoniya – Mədəni zənginlik və qonaqpərvər mühit məkanı
Ölkənin tarixi, incəsənəti və ənənələri təhsil təcrübəsi üçün unikal bir fon yaradır. Tələbə və müəllim heyətinin müxtəlifliyi qlobal perspektivə töhfə verməklə mədəniyyətlərarası anlaşmanı artırır.
Eyni zamanda Estoniya ardıcıl olaraq qlobal miqyasda ən təhlükəsiz ölkələrdən biri kimi yer tutur və bu, onu təhlükəsiz və qonaqpərvər mühit axtaran tələbələr üçün ideal istiqamət halına gətirir. Estoniya xalqının isti qonaqpərvərliyi və millətin inklüzivliyə sadiqliyi beynəlxalq tələbələr üçün yad olmayan və doğma atmosfer yaratmaqda kömək edir.
Təhsilə İnnovativ yanaşma
Estoniya təhsilə innovativ və olduqca müasir yanaşması ilə bütün dünyada məşhurdur. Estoniyanın təhsil sistemi tələbələri müasir dünyanın çağırışlarına hazırlayır. Ümumilikdə, ölkə rəqəmsal cəmiyyət konsepsiyasına rəhbərlik etməyə başlamış və bu yanaşmanı təhsil sisteminə də cəlb etmişdir. Tələbələr e-tədris platformaları, rəqəmsal dərsliklər və texnologiyanın kurrikuluma mükəmməl inteqrasiyası ilə texnoloji cəhətdən olduqca zəngin mühitdən faydalanırlar.
Estoniya Tartu Universiteti, Tallin Texnologiya Universiteti və Tallin Universiteti də daxil olmaqla bir neçə dünya səviyyəli universitetlərə ev sahibliyi edir. Bu universitetlər ingilis dilində çoxsaylı təhsil proqramları təklif edir və dünyanın hər yerindən olan beynəlxalq tələbə kütləsini innovativ xüsusiyyətləri ilə özünə cəlb edir. Tədqiqat və innovasiyaya diqqət yetirilməsi tələbələrin dünya səviyyəsində tanınan universitetlərdə yüksək keyfiyyətli təhsil almasını təmin edir.
Tədris dili
Estoniyada təhsilin unikal aspektlərindən biri ingilis dilinin xüsusilə ali təhsildə tədris dili kimi istifadə edilməsidir. Bu, beynəlxalq tələbələr üçün inklüziv mühiti asanlaşdırır, dil maneələrini aradan qaldırır və siniflərdə multikultural mühiti artırmağa xidmət edir.
İngilis dili ilə yanaşı Estoniyada Rus və yerli Eston dilində də tədris almaq mümkündür.
Estoniyanın ali təhsil müəssisələri
Estoniyada ali təhsil dərəcələri təklif edən 19 təhsil müəssisəsi var. Burada əldə edilən ali təhsil diplomları beynəlxalq səviyyədə tanınır, həmçinin də Estoniyanın ingilis dilində tədris olunan 100-dən çox dərəcə proqramı bu ölkəni beynəlxalq tələbələr üçün ən yaxşı təhsil ocaqlarından birinə çevrilmişdir. Tələbələr tərəfindən ən çox seçim edilən universitetlər əsasən aşağıdakılardır:
- Tartu Universiteti (University of Tartu): 1632-ci ildə yaradılmış Tartu Universiteti Şimali Avropanın ən qədim universitetlərindən biridir. Əsasən, tədqiqata güclü diqqəti ilə məşhurdur və bu universitet müxtəlif sahələr üzrə çoxsaylı təhsil proqramları təklif edir.
- Tallinn Texnologiya Universiteti (Tallinn University of Technology): Mühəndislik və texnologiya sahəsində aparıcı universitet olan TalTech müasir kampusu ilə tanınır. Bu universitet Mühəndislik, Biznes və İnformatika Texnologiyaları daxil olmaqla müxtəlif proqramlar təklif edir.
- Tallinn Universiteti (University of Tallin): Əsasən, Sosial və Humanitar elmləri özündə birləşdirən Tallinn Universiteti canlı və innovativ öyrənmə mühiti ilə tələbələri cəlb edir. Eyni zamanda bu universitet öz tələbələrini innovativ qlobal cəmiyyətin çağırışlarına hazırlamağa çalışır.
Estoniyada təhsil almaq neçəyə başa gəlir?
Estoniya universitetlərində təhsil haqları təhsil səviyyəsindən və dərəcə proqramından asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Bəzi dərəcə proqramları istisna olmaqla, Bakalavr və Magistratura proqramları üçün təhsil haqları ildə 1.660 avro ilə 7.500 avro arasında dəyişir. Daha yüksək ödənişli proqramlara tibb, hüquq, biznesin idarə edilməsi və sosial elmlər üzrə olan ixtisaslar daxildir. Bəzi ali təhsil müəssisələri Avropa İttifaqından olan və Avropa İttifaqından olmayan tələbələr üçün təhsil haqqını fərqləndirə bilər.
Bundan əlavə, bəzi universitetlər heç bir təhsil haqqı olmayan müxtəlif magistratura və bakalavr proqramları təklif edir. Bunlara da təhsil haqqından azad olunma və ödənişsiz təhsil proqramları daxildir. Təhsil haqları fərqli olduğuna görə və təhsil müəssisəsindən asılı olaraq dəyişdiyinə görə, əlavə məlumat üçün birbaşa universitetlərlə əlaqə saxlamağı, onların rəsmi saytlarına baş çəkməyi tövsiyə edirik (əlaqə məlumatı hər bir universitetin profil səhifəsində mövcuddur).
Təqaüd proqramları
Yüksək təhsil haqqının ödənilməsi çoxları üçün stress mənbəyi ola bilər, lakin təhsilinizi maliyyələşdirmək üçün çoxsaylı yollar var.
Bir çox Qərbi Avropa ölkələri ilə müqayisədə Estoniya münasib təhsil haqqı və münasib yaşayış xərcləri təklif edir. Bundan əlavə, bu ölkədə beynəlxalq tələbələr üçün maliyyə yükünü yüngülləşdirən və keyfiyyətli təhsili daha geniş auditoriya üçün əlçatan edən müxtəlif təqaüd proqramları da mövcuddur.
- Estoniya Hökumət Təqaüdləri: Estoniya hökuməti bakalavr, magistr və doktorantura səviyyəsində təhsil almaq istəyən beynəlxalq tələbələrə təqaüd imkanı verir. Bu təqaüdlər təhsil haqlarını əhatə edir və yaşayış xərclərinə də kömək edir. Hökumət təqaüdləri yüksək rəqabət əsasında aparılır və xüsusilə, tələbənin akademik uğurları qiymətləndirməklə verilir.
- Erasmus+ Təqaüdləri: Estoniya təhsil sahəsində beynəlxalq mübadilə və əməkdaşlığı dəstəkləyən Avropa İttifaqının təşəbbüsü olan Erasmus+ proqramında fəal iştirak edən ölkələr arasında yer alır. Beynəlxalq tələbələr Erasmus+ vasitəsilə Estoniya universitetlərində təhsil almaq üçün bu təqaüdə müraciət edə bilərlər.
- Universitetlərin Daxili Təqaüdləri: Bir çox Estoniya universiteti beynəlxalq tələbələr üçün öz təqaüd proqramlarını təklif edir. Namizəd tələbələr bu təqaüd proqramına müraciət edib qalib olduqlarında bu təhsil müəssisəsində ödənişsiz təhsil almaq imkanı əldə edirlər. Hər bir universitetin öz rəsmi saytından məlumat əldə edə bilərsiniz.
Ümumilikdə isə, nəzərə almaq vacibdir ki, Estoniyada təqaüdlər üçün müraciət prosesi adətən akademik transkriptlər, tövsiyə məktubları və motivasiya məktublarını təqdim etməyi əhatə edir. Bəzi təqaüd proqramları həmçinin dil biliyinin sübutunu və ətraflı təhsil planını tələb edə bilər.
Estoniya universitetlərinə qəbul üçün tələblər hansılardır?
Bakalavr pilləsində təhsil almaq istəyən abituriyentlərdən orta təhsilini və ya ali təhsil üçün zəruri olan ekvivalent təhsil səviyyəsini bitirmək tələb olunur. Ərizəçilər öz ölkələrində ali təhsil almaq hüququna malik olmalıdırlar. Estoniyada ali təhsil müəssisələrinə qəbul üçün əlavə ixtisas imtahanları da tələb oluna bilər. Magistratura səviyyəsində təhsil almaq istəyən ərizəçilərdən bakalavr, doktorantura pilləsində təhsil almaq istəyən tələbələrdən isə magistratura səviyyəsində təhsil almış olmaları tələb edilir. Təbii ki, təhsilin son ilində təhsil alan tələbələr də müraciət edə bilərlər. Lakin tövsiyə edirik ki, müraciətdən öncə universitetlə bu prosesi dəqiqləşdirə və son qeydiyyat, diplomun təqdim olunma tarxilərini dəqiqləşdirəsiz.
Estoniya üçün Tələbə Vizasına ehtiyacım varmı?
Estoniya vətəndaşı və ya AB vətəndaşı olmayan bütün tələbələr təhsil almaq üçün müvəqqəti yaşayış icazəsinə müraciət etməlidirlər. Estoniyaya gəlmək üçün C (qısamüddətli) və ya D (uzunmüddətli) viza tipini əldə etmək və gəldikdən sonra da yaşayış icazəsi üçün müraciət etmək lazımdır. Viza üçün tələb edilən sənədlər aşağıdakılardır:
- Şəxsiyyət vəsiqəsi və Xarici passportun nüsxəsi
- Ərizə forması
- Ərizə üçün fotoşəkil
- Tibbi sığorta
- Universitetin qəbul məktubu
- Maliyyə dəstəyinin sübutu
- Əvvəlki təhsilin sənədləri
- Uçuş biletinin bronu
- Yaşayış yerinin bronu
Eyni zamanda siz dəstəkləyici sənəd olaraq məhkumluğun olmaması barədə arayış da təqdim edə bilərsiniz.
Estoniyada yaşam xərcləri
Qeyd etdiyimiz kimi, Estoniyada yaşayış xərcləri münasibdir və əksər Avropa ölkələrindən aşağı hesab olunur. Estoniyada pul vahidi avrodur (€). Ümumilikdə isə, tələbələr üçün orta aylıq yaşayış dəyəri təxminən 300-500 avro arası dəyişir.
- Yaşayış: Yerləşmə yerindən, həmin yerin keyfiyyətindən və mövsümdən asılı olaraq yaşayış xərcləri dəyişir, lakin aylıq qiymətlər adətən yataqxanalar üçün 150-350 avrodan, şəxsi mənzillər üçün isə 350-650 avroya qədər dəyişir. Estoniyadakı əksər universitetlərin öz yataqxanaları var və həmin yataqxanalar Estoniyada təhsil alan beynəlxalq tələbələr üçün də fəaliyyət göstərir.
- Qida: Tələbələr adətən yemək üçün ayda təxminən 150-300 avro xərcləyir. Hər bir tələbə öz ehtiyaclarından asılı olaraq yemək xərclərini fərdi olaraq təyin edə bilər. Hər bir universitetin həmçinin münasib qiymətə gözəl yemək təklif edən öz yeməkxanaları da var. Kafelərdə isə gündəlik xüsusi təkliflər təxminən 5-8 avro təşkil edir.
- Nəqliyyat: Tallinndə ictimai nəqliyyat pulsuzdur (yalnız Tallinn sakinləri və Tallinndə təhsil alan beynəlxalq tələbələr üçün). Tartuda yerli ictimai nəqliyyat: aylıq biletlə 7,67 avro (tələbə kartı ilə), tələbə üçün tək bilet 0,51 avro (avtobusda 2 avro). Taksi xidmətinin xərci şirkətdən asılı olaraq dəyişir. Əsasən, orta başlanğıc haqqı 3 avrodan, hər km 0,6 avrodan hesablanır.
- Əyləncə: Estoniyada təhsil dönəmində tələbələr boş vaxtlarını müxtəlif yollarla dəyərləndirirlər. Teatr bileti: 15-45 avro, konsert bileti 15-60 avro arası dəyişir, kino bileti isə filmin növündən, həftənin günündən asılı olaraq dəyişir, orta hesabla 5-15 avronu əhatə edir. Eyni zamanda tələbələr boş vaxtlarını idman edərək də dəyərləndirə bilərlər. Universitet idman klubları ayda 30-60 avro təşkil edir. Şəxsi idman klubları isə məşq paketindən asılı olaraq ayda 30-100 avro arası dəyişir.
Qısacası, Estoniyada təhsil akademik mükəmməlliyin, innovasiyanın və mədəni zənginləşmənin unikal qarışığını təklif edir. İstər qabaqcıl texnologiya, humanitar elmlər və ya bizneslə maraqlanırsınızsa, Estoniya şəxsi və akademik inkişaf üçün çoxsaylı imkanlar təklif edir. Əgər siz də qlobal dünyanın aparıcı qüvvəsi olan texnologiya və innovasiya məkanında təhsil almaq istəyirsinizsə, o zaman Estoniya sizin üçündür!
Təqaüdlərlə bağlı bu səhifəyə keçid et 🙂