Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, əksərimizin İngiltərə kimi səsləndirdiyi ölkə, nüfuzlu universitetləri, zəngin mədəni irsi ilə xaricdə təhsil almaq istəyən bir çox gəncin arzusudur. Əgər siz də dünyanın ən yaxşı universitetləri sırasında ilk yeri alan İngiltərədə təhsil almaq istəyirsinizsə, o zaman bu yazını diqqətlə oxuyun və Birləşmiş Krallıq xəyalınızı gerçəkləşdirin. Bu yazıda İngiltərədə təhsil almaqla bağlı bir çox mövzuya toxunacaq və sizi ətraflı məlumatla təmin edəcəyik.
O zaman vaxt itirmədən başlayaq və bu yolu sizin üçün daha asan və daha məlumatlı hala çevirək!
Bu bloqa daxildir
- İngiltərə təhsili və bu təhsilin mükəmməlliyi
- QS Rankingdə ilk 100-ə daxil olan Böyük Britaniya universitetləri:
- Ali təhsilin maliyələşdirilməsi – İngilərə və ödənişsiz təhsil?!
- Tələbələr üçün İngiltərə yaşamaq üçün necədir?
- İngilis dilinin üstünlüyü
- İngiltərə haqqında doğru bilinən yanlışlar
- Artıq İngiltərədə təhsil almaq üçün daha əmin və daha hazırlıqlısan
Əminik ki, İngiltərədə təhsil almaq üçün sizin çoxsaylı səbəbiniz var. Gəlin bu səbəblərlə daha yaxından tanış olaq!
İngiltərə təhsili və bu təhsilin mükəmməlliyi
Oxford Universiteti, Cambridge Universiteti, Imperial College London və digərləri də daxil olmaqla İngiltərədə dünyanın ən qədim və ən yüksək səviyyəli universitetləri, təhsil ocaqları yer alır. Onlardan bəziləri XI və XII əsrlərə aiddir. Bu cür möhkəm təmələ və irsə malik olan İngiltərənin təhsil sistemi dünyanın digər ölkələri üçün də ilham mənbəyi olmaqda davam edir. İllər ərzində bu universitetlərin neçə-neçə dünya şöhrətli, bir-birindən böyük uğurlara imza atan məzunları olmuşdur.
İngiltərə universitetləri tələbələrə təkcə yüksək səviyyəli təhsil təklif etmir, eyni zamanda tələbələrin bütün sahələrdə məlumatını artıran dərsdənkənar fəaliyyətlər də həyata keçirərək onların boş vaxtlarının da dəyərli keçməsinə kömək edir.
Müxtəlif akademik proqramlar
İngilis universitetlərində təhsilin müəyyən aspektləri vardır. Bunlardan ən çox bilinəni isə, bu universitetlərdə Müxtəlif Akademik Proqramların mövcud olmasıdır. Böyük Britaniya universitetləri müxtəlif sahələr üzrə çoxlu bakalavr, magistratura, doktorantura proqramları təklif edir. Tələbələr mühəndislik, humanitar elmlər, sosial elmlər, biznes, tibb, incəsənət və s. kimi sahələr üzrə seçim edə bilərlər.
Tədris metodaları
Digər mühüm aspekt isə Tədris Metodlarıdır. İngiltərə universitetlərində tədris metodlarına tez-tez mühazirələr, seminarlar, dərsliklər və praktiki sessiyalar daxildir. Mühazirələr fundamental anlayışları təmin edir, seminarlar və dərslər isə müzakirələr, debatlar və professorlarla daha fərdi qarşılıqlı əlaqə təklif edir.
Qiymətləndirmə metodları
Qiymətləndirmə Metodları da bir digər aspektdir və əlbəttə ki, sahədən və ya universitetdən asılı olaraq dəyişə bilir, lakin adətən qiymətləndirmə metodlarına yazılı və şifahi imtahanlar, esselər, təqdimatlar daxildir.
Təhsil resursları ilə təminat
Tələbələri Resurslarla Təmin etmək İngiltərə universitetlərini səciyyələndirən aspektlərə daxildir və bu universitetlər tələbələrə geniş kitabxanalar, müasir tipli laboratoriyalar və digər resurslardan istifadə imkanı verir.
Beynəlxalq prespektiv
Şübhəsiz ki, Birləşmiş Krallıq universitetləri Beynəlxalq Perspektivlə də səciyyələnir. İngiltərə universitetlərində dünyanın hər yerindən gələn tələbə bazası var. Bu beynəlxalq perspektiv, tələbələri müxtəlif mədəniyyətlərə, ideyalara və düşüncə tərzinə yol açaraq tələbələrin öyrənmək və təcrübə etmək şansını daha da artırır. Bu haqda daha ətraflı məlumat aşağıda öz əksini tapır.
Bütün bunların nəticəsində artıq illərdir ki, Böyük Britaniya universitetləri beynəqxalq reytinqlərdə – ranking-lərdə ön sıradadır və illər keçdikcə də öz aspektlərini həyata keçirərək ön sıradakı yerlərini qoruyub saxlayırlar. Gəlin QS Rankingdə hansı Böyük Britaniya Universitetlərinin ön sıralarda olduğuna nəzər yetirək.
QS Rankingdə ilk 100-ə daxil olan Böyük Britaniya universitetləri:
- Kembric Universiteti – University of Cambridge (2-ci yer)
- Oksford Universiteti – University of Oxford (3-cü yer)
- London İmperial Kolleci – Imperial College London (6-cı yer)
- London Universitet Kolleci – University College London (UCL) (9-cu yer)
- Edinburq Universiteti – The University of Edinburgh (22-ci yer)
- Mançester Universiteti – The University of Manchester (32-ci yer)
- London Kral Kolleci – King’s College London (40-cı yer)
- London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) – The London School of Economics and Political Science (LSE) (45-ci yer)
- Bristol Universiteti – University of Bristol (55-ci yer)
- Uorvik Universiteti – The University of Warwick (67-ci yer)
- Lids Universiteti – University of Leeds (75-ci yer)
- Qlazqo Universiteti – University of Glasgow (76-cı yer)
- Durham Universiteti – Durham University (78-ci yer)
- Sausempton Universiteti – University of Southampton (81-ci yer)
- Birmingem Universiteti – University of Birmingham (84-cü yer)
- Müqəddəs Endryus Universiteti – University of St Andrews (95-ci yer)
- Nottingem Universiteti – University of Nottingham (100-cü yer)
Ali təhsilin maliyələşdirilməsi – İngilərə və ödənişsiz təhsil?!
Bir çox tələbə xaricdə təhsil alarkən maliyə problemi ilə üzləşir. Buna görə də, İngiltərədə universitetlərə müraciət etməyə başlamazdan əvvəl hər cür maliyə yardımı mənbələrini nəzərdən keçirmək lazımdır. Ümumilikdə, bir çox beynəlxalq tələbə üçün İngiltərədə təhsil almaq olduqca bahalıdır.
Bilinənin əksinə Böyük Britaniyada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün bir çox maliyə resursları mövcuddur. Onlar qismən maliyələşdirmədən, məsələn, kurs haqlarınızın bir hissəsinin ödənilməsindən, proqram haqlarını, yaşayış xərclərini və ölkənizdən Böyük Britaniyaya gəliş uçuşları əhatə edən tam maliyələşdirməyə qədər dəyişir.
Bundan əlavə, İngiltərədəki bir çox beynəlxalq tələbə təcrübə qazanmaq və maliyə imkanlarını artırmaq üçün təhsil almaqla yanaşı olaraq part-time yəni yarım-ştat iş və ya ödənişli təcrübə keçməyi seçirlər. Əksər proqramlar tələbələrə təhsil zamanı həftədə 20 saata qədər işləməyə imkan verir.
Ümumilikdə isə, İngiltərədə ödənişli təhsil problemini həll etmək üçün olan çoxsaylı imkanları belə qruplaşdırmaq olar:
- Hökumət təqaüdləri
- Universitet təqaüdləri
- Müxtəlif maliyə mənbələri
- Xeyriyyə fondları
- Part-time işlər
- Tələbə kreditləri və s.
Böyük Britaniyada beynəlxalq tələbələr üçün bir sıra bakalavr, magistr təqaüd imkanları olsa da, bu təqaüdlər hərtərəfli araşdırma tələb edir. Böyük Britaniyada təqaüdlü şərtlərlə təhsil almaq istəyirsinizsə, o zaman aşağıda sizə verilən məsləhətləri mütləq şəkildə nəzərə almalısınız:
- Universitetlərin rəsmi vebsaytlarında maliyə yardımı imkanlarına nəzər yetirin.
- Burada təhsil alan və ya artıq təhsilini başa vurmuş digər tələbələrlə əlaqə saxlayın.
- Suallarınız və ətraflı məlumat üçün universitetlərin məlumat mərkəzlərinə elektron məktub göndərin.
Tələbələr üçün İngiltərə yaşamaq üçün necədir?
Yaşama gəldikdə isə, bunun üçün bir neçə seçim var. Tələbələrin ən çox seçim etdiyi ev və ya otaq kirayələmək və universitet yataqxanalarında qalmaqdır. Siz universitetin yaxınlığında bir mənzil kirayəyə götürə bilərsiz. Eyni zamanda daha münasib olmasını istəyirsinizsə, tək və ya paylaşmalı otaq seçimləri də olduqca genişdir. Bunun üçün müxtəlif standartlara və qiymətlərə olan elanlara nəzər yetirə bilərsiz. Digər seçim isə yataqxanalardır. Tələbələrin müəyyən bir qismi qalmaq üçün yataqxalara üstünlük vermir. Bunun isə əsas səbəbi universitet yataqxanalarının daha təhlükəsiz olmasıdır. Lakin nəzərə almaq lazımdır ki, İnglitərədə çox vaxt universitet yataqxanalarında yaşam xərci daha bahalı olur.
Birləşmiş Krallıqda yaşam xərcləri
Ümumilikdə, Birləşmiş Krallıq (Böyük Britaniya) nüfuzlu universitetləri və güclü iqtisadiyyatına görə beynəlxalq tələbələr üçün məşhur təhsil və karyera məkanıdır. Tək bir şəxs və ya tələbə üçün orta aylıq yaşayış xərcləri kirayəsiz təxmini (£754,0) təşkil edir. yaşayış, nəqliyyat, yemək və kommunal xidmətlər kimi xərclər daxildir.
London digər Böyük Britaniya bölgələrinə nisbətən daha yüksək yaşayış xərclərinə malikdir. Bunlar ilə yanaşı olaraq, kirayə, kommunal xidmətlər, yemək, istirahət fəaliyyəti və nəqliyyat xərcləri kimi gündəlik xərclər də var. Gəlin xərclərə xüsusi olaraq nəzər yetirək:
- Kirayə – £500 – £700
- Ərzaq – £100 – £200
- Qaz və elektrik – £60
- İnternet – £40
- Kinoteatr bileti – £9
- Restoranda şam yeməyi – £15
Qısacası, Tələbələr üçün Böyük Britaniyada yaşayış xərcləri kirayə də daxil olmaqla, orta hesabla £1,000- £1,600 arası dəyişir. Bu, studiya tipli, tək mənzil və ya otaq yoldaşı ilə birgə yaşayış sahəsi olmasından asılı olaraq, yerləşdiyiniz regiona və mənzil tipinizə görə də dəyişə bilər.
Multikultural mühit – İngiltərə mədəni müxtəliflik qovşağı kimi
Ümumilikdə, İngiltərə müxtəlifliklə doludur və onun multikultural təbiəti onu yaşamaq üçün daha maraqlı və daha qonaqpərvər bir yerə çevirir. Bir çox mühacir icmasına ev sahibliyi etməklə yanaşı olaraq, Böyük Britaniya dünyanın hər yerindən milyonlarla turist, işgüzar ziyarətçi və beynəlxalq tələbələri qarşılayır. Xüsusilə son 70 ildə Böyük Britaniya dünyanın hər yerindən insanları qəbul etmişdir.
Birləşmiş Krallıq İcmalar Palatasının dərc etdiyi miqrasiya statistikası göstərir ki, 2021-ci ildə Böyük Britaniyada yaşayan 6 milyona yaxın qeyri-Britaniya vətəndaşı olub. Bu, əhalinin təxminən 9% -ni təşkil edir! Hətta Birləşmiş Krallıq daxilində çoxlu fərqli mədəniyyətlər var. Dörd ölkənin (İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uels) hər birinin öz mədəniyyəti, dilləri və adət-ənənələri mövcuddur.
Bildiyiniz kimi, Böyük Britaniyada təhsil almaq beynəlxalq tələbələr arasında olduqca populyardır. Demək olar ki, dünyanın bütün ölkələrində Böyük Britaniyada təhsil almağı hədəfləyən gənclər çoxluq təşkil edir. Elə bu səbəbdən, burada təhsil son dərəcə multikultural xarakter daşıyır. İngiltərədə təhsil almaq kampusları daha canlı edən beynəlxalq tələbələr vasitəsilə sizi dünyanın hər yerindən fərqli mədəniyyətlər, perspektivlər və dəyərlərlə tanış olmağa dəvət edir.
İngiltərə sizi tarixi abidələri və memarlıq nümunələri ilə qarşılayır
İngiltərədə təhsil almaq əsrlər boyu tarix və memarlıq parlaqlığı ilə əhatə olunmaq deməkdir. Tarix və mədəniyyətlə zəngin bir ölkə olan İngiltərə millətin davamlı irsinin sübutu kimi dayanan zəngin tarixi abidələr və memarlıq möcüzələrinə malikdir. Orta əsr qalalarından tutmuş şah əsərlərə qədər hər bir tikili tikildiyi dövrlərin unikal hekayəsindən bəhs edir. Hər daşın danışacaq bir nağılı olduğu İngiltərənin memarlıq irsi ilə valehedici səyahətə indidən hazır olmalısınız!
Tower of London – London Tarix Qalası, Stonehenge – Daşdakı sirlər, Westminster Abbey – İngiltərə Krallığının simvolu, St Paul Katedrali – Müqəddəs Pavel Katedralı, tarixi və milli sərvət kimi simvolik abidələr olduqca qədim və zəngin keçmişin xatirələridir. Keçmişlə indiki zamanı mükəmməl şəkildə birləşdirən müasir küçələrdə və tarixi şəhərciklərdə gəzərkən bu mənzərələrin gözəlliyinə heyran qalacaqsınız!
Geniş əhatə dairəsi – İngiltərə sizə nə vəd edir?
İngiltərədə niversitetə daxil olmaq rəngarəng və dinamik beynəlxalq tələbə cəmiyyətinin bir hissəsi olmaq deməkdir. Bu danılmaz bir faktdır ki, tələbələrin İngiltərədə olduqları müddətdə qurduqları əlaqələr və şəbəkələr bütün dünyada sonsuz imkanlara qapı açır. Fərqli mədəniyyətlərdən olan həmyaşıdları ilə qarşılıqlı əlaqə yalnız akademik təcrübəni zənginləşdirməklə yanaşı, həm də peşəkar həyata yaxşı şəkildə uzana bilən davamlı dostluq və əməkdaşlıqları da gücləndirir.
Müxtəlif təcrübələr, əməkdaşlıqlar vasitəsilə tələbələr əldə etdikləri bilik və bacarığa dəyər verən qlobal cəmiyyətin bir hissəsinə çevrilirlər. Eyni zamanda İngiltərədəki nüfuzlu universitetlər bütün dünyanı əhatə edən geniş məzun şəbəkələri ilə öyünür. Müxtəlif sahələrdə fərqlənmiş məzunlarla əlaqə saxlamaq qiymətli fikirlərə, iş imkanlarına aid məsləhətlərə də yol aça bilər.
Birləşmiş Krallıq universitetlərinin əməkdaşlıqları tez-tez iş təklifləri ilə nəticələnir və tələbələrə karyeralarında uğurlu başlanğıca imza atmaqda köməklik edir. Əlbəttə ki, əhatə dairəsi bununla bitmir. Ən başlıcası, İngiltərə müxtəlif sahələr üzrə çoxsaylı beynəlxalq konfranslara, seminarlara və tədbirlərə ev sahibliyi edir. Tələbələr bu tədbirlərdə fəal iştirak edə, tədqiqatlarını təqdim edə, dünyanın müxtəlif ölkələrindən olan alimlərlə fikir mübadiləsi apara, akademik və peşəkar şəbəkələrini genişləndirə bilərlər.
Kulinariya ləzzətləri və mədəni təcrübələr
Yüksək səviyyəli akademik təhsildən əlavə, İngiltərədə təhsil almaq mükəmməl bir qastronomik macəra və müxtəlif mətbəxləri təcrübədən keçirmək şansı təklif edir. Buraya köçmüş insanlar tərəfindən idarə olunan bir çox ənənəvi restoranlar yerləşir. Əslində, Çin, Hindistan və ya İtalyan mətbəxi təklif edən minlərlə restoran var, lakin siz dünyanın demək olar ki, istənilən ölkəsinin yeməklərini dadmaq imkanınız olacaq. Ənənəvi ingilis səhər yeməyindən tutmuş müxtəlif ölkələrə məxsus yeməklərə qədər tələbələr bir sıra ləzzət nümunələrini dadmaq şansı əldə edirlər. Eyni zamanda burada tez-tez keçirilən mədəni festivallarda, musiqi tədbirlərində və yerli şənliklərdə iştirak etməklə tələbələr dünyanın demək olar ki, bütün ölkələrinin qastronomiyasını tanımaq imkanı əldə edirlər. Asiya, Afrika mətbəxindən tutmuş bir çox etnik qrupların milli mətbəxini dadacaqsınız.
İngilis dilinin üstünlüyü
İngilis dilinin dünyəvi əhəmiyyəti, yəqin ki, hər bir şəxsə məlumdur. Belə ki, beynəlxalq tələbələr üçün İngiltərədə təhsil unikal dil üstünlüyü də təmin edir. İngilis dilinin əsas dil olduğu ölkədə yaşamaq tələbələri orijinal, gündəlik ünsiyyətə məruz qoyur. Bununla da, tələbələr dil öyrənməni sürətləndirir və təkcə akademik dil bacarıqlarını deyil, həmçinin də danışıq və peşəkar ünsiyyətin nüanslarını inkişaf etdirə bilir. Məlumdur ki, ingilis dili beynəlxalq biznes, elm və diplomatiyanın əsas dilidir və İngiltərədə təhsil almaq tələbələri effektiv qlobal ünsiyyətə hazırlayır. Beynəlxalq layihələrdə, konfranslarda iştirak etmək və ya müxtəlif komandalarda işləməkdən asılı olmayaraq, tələbələr öz fikirlərini aydın ifadə etmək bacarığı qazanırlar. İngilis dilində effektiv ünsiyyət qurmaq bacarığı da karyera perspektivlərini əhəmiyyətli dərəcədə artıra biləcək dəyərli bir nüansdır.
İngiltərə haqqında doğru bilinən yanlışlar
“İngiltərədə hava çox pisdir, hər gün elə yağış yağır ki, tut ucundan göyə çıx!” Əslində, pis hava deyilən anlayış yoxdur, sadəcə yanlış geyim anlayışı var. Ümumilikdə, Böyük Britaniyada havanın pis (və ya hətta dəhşətli) olduğunu və daim yağışlı, soyuq və boz olduğunu söyləyə bilərsiniz. Ölkədə il boyu yağış, soyuq və boz səma müşahidə edilsə də, bu, daimi və ya ardıcıl deyil. Realda bir qədər müxtəlifdir. Sadəcə regiondan asılı olaraq hava şəraiti də dəyişir, başqa sözlə desək, Böyük Britaniya müxtəlif iqlim tiplərinə malikdir. Məsələn: qərb daha rütubətli, şərq isə daha quru olur. Şimal daha soyuq, cənub isə daha isti olur.
“İngiltərədə qiymətlər çox yüksəkdir, hər şey od bahasınadır!” Əslində isə, Böyük Britaniyada yaşayış xərcləri düşündüyünüzdən də aşağıdır. Burada orta xərclər ABŞ və Avstraliyadan da aşağıdır. Araşdırmalara əsasən, hər 10 beynəlxalq tələbədən 7-si Böyük Britaniyada təhsil aldıqları üçün daha tez irəlilədiklərini və daha çox qazandıqlarını deyir.
“İngiltərədə təqaüdlü təhsil yoxdur!” Halbuki yuxarıda sadalananlar məhz İngiltərədə təqaüdlü və ya güzəştli şərtlərlə təhsil almaq üçün nəzərdə tutulub. “Maliyələşdirmə resursları olduqca çoxluq təşkil edir, həmçinin beynəlxalq tələbələrə işləməyə də icazə verilir.” Böyük Britaniyada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün bir çox maliyə variantları mövcuddur. Bunlara da yuxarıda sadalananlar aiddir.
Artıq İngiltərədə təhsil almaq üçün daha əmin və daha hazırlıqlısan
Nəticə olaraq, İngiltərədə təhsil sadəcə akademik deyil, eyni zamanda intellektual inkişafı mədəni təcrübəni təklif edən çoxsahəli bir təcrübədir. Ölkənin zəngin tarixi, akademik nüfuzu, mədəni müxtəlifliyi və qlobal əlaqələri onu hərtərəfli olaraq xaricdə təhsil almaq istəyənlər üçün ideal məkana çevirir. Tələbələr universitetlərinin istər qədim, istərsə də müasir otaqlarında gəzərkən füsunkar mənzərələri kəşf edir, yalnızca bilik və bacarıq deyil, həmçinin ömür boyu davam edəcək xatirələr və qlobal əlaqələr də yaradırlar. Eyni zamanda bilinənin əksinə, tələbələr onlara təqdim edilən bir sıra imkanlardan faydalanaraq aylıq yaşam xərclərini qarşılayır və ödənişsiz və ya güzəştli şərtlər əsasında TOP Universitetlərdə təhsil alırlar.
Artıq ətrafda bilinən “İngiltərədəki bahalı həyat” anlayışı ilə yaxından tanışsınız və bu kimi problemləri necə aradan qaldırmalı olduğunuzu bilirsiniz. O zaman xəyalınızı bir təcrübəyə çevirməyin vaxtıdır. Sizin üçün sadalanan məqamlara diqqət yetirməklə İngiltərədə təhsil yolunuzu daha asan və əlçatan hala çevirə bilərsiniz. Bu yolda təqaüd dəstəyini istəyirsinizsə bu məqaləni oxuya bilərsiniz.