İtaliya Respublikasında təhsil almaq üçün əksər beynəlxalq tələbələrə, həmçinin Azərbaycan vətəndaşlarına da təhsil vizası lazımdır. İtaliyada təhsil almaq istəyirsinizsə, o zaman vizaya ehtiyacınızın olub-olmadığını öyrənmək üçün İtaliya xarici işlər nazirliyinin veb saytına baxa bilərsiniz. Həmçinin əgər siz Azərbaycan vətəndaşısınızsa və 6 aydan uzun müddət İtaliyada qalacaqsınızsa, o zaman İtaliya təhsil vizasına (milli vizasına) müraciət etməli olacaqsınız.
Bu yazıda sizi İtaliya təhsil vizası üçün lazım olacaq sənədlərlə tanış edəcəyik.
1. “D-tipli” ərizə forması
Ərizə fomasını buradan əldə edə bilərsiniz. Forma lazımi qaydada doldurulmalı və imzalanmalıdır. Nəzərə alınmalı digər nüans isə ərizəyə əlavə olunacaq iki yeni pasport şəklidir (6 aydan öncə çəkilməyən). Şəkillər standart formada olmalı, 3.5 X 4.5 sm ölçüsündə, arxa fonu ağ olmaqla çəkilməlidir.
2. Pasport və Şəxsiyyət vəsiqəsi
Vizanın bitmə tarixindən ən azı üç ay sonra müddəti bitən etibarlı pasport, şəxsi məlumatların, əvvəlki vizaların və varsa, giriş/çıxış möhürlərinin əks olunduğu səhifələrin surəti və Azərbaycan şəxsiyyət vəsiqəsinin surəti.
3. Doğum haqqında şəhədətnamə
Notarial qaydada ingilis və ya italyan dilinə tərcümə edilmiş doğum haqqında şəhadətnamə və hər iki valideynin şəxsiyyət vəsiqələrinin surəti.
4. Təhsil sənədləri
Baklavr təhsil pilləsi və hazırlıq proqramı üçün attestat, magistr təhsil pilləsi üçün attestat, bakalvr diplomu vı diplom əlavəsi, doktorantura təhsili üçün attestat, bakalvr diplomu və diploma əlavəsi, magistr diplomu və diplom əlavəsi təqdim olunmalıdır. Nəzərə almaq lazımdır ki, hər bir təhsil sənədi tam legallaşdırılmalıdır. Bunun üçün ilk öncə sənədlər Xarici İşlər Nazirliyinin apostili olunmalı, daha sonra notarial qaydada “göy blankda” ingilis və ya italyan dilinə tərcümə-təsdiq edilməli və ardından Ədliyyə Nazirliyinin apostili prosesi aparılmalıdır. Bütün bu prosesləri 5 saylı ASAN xidmətdə apara bilərsiniz.
Əlavə olaraq tövsiyə edərdik ki, bakalvr, magistr proqramlarınınızın kurs struktrunu (sillabus) da sənədlərinizə əlavə edəsiniz. Bu sənədi apostil etməyə ehtiyac yoxdur.
5. Pre-enrolment formu
UNIVERSITALY (https://www.universitaly.it) və ya AFAM və ya digər Ali Qurumlar kimi İnstitutlar üçün qeydiyyatdan və ya əvvəlcədən qeydiyyatdan keçmək hüququna dair rəsmi məktubun çapı.
6. Dil sertifikatı
Təhsil alacağınız dilin yetərliliyini təsdiq edən arayış və ya sertifikat tələb olunur. İtaliyada təhsil alacağınız dildən əlavə başqa dil biliklərinə də sahibsəniz və bunu təsdiqləyən sənədiniz varsa bu bir üstünlük sayıla bilər.
7. Ailə tərkibi haqqında arayış
Bu sənədi istənilən ASAN Xidmət mərkəzlərinin birindən əldə edə bilərsiniz. Sənəd İngilis dilinə tərcümə və notarial qaydada təsdiq olunmalıdır.
8. Ailənin ümumi iqtisadi vəziyyəti haqqında bəyanat
Ailənin ümumi iqtisadi vəziyyəti haqqında müvafiq qaydada imzalanmış iki bəyanat. Nəzərə alın ki, 18 yaşdan yuxarı birgə yaşayan qardaş və ya bacıların gəlirləri yalnız köməkçi gəlirlər hesab ediləcək. Bəyanatı burdan əldə edə bilərsiniz.
9. Tələbənin ailəsinin iqtisadi vəziyyəti haqqında bəyanatı təsdiq edən sənədlər
Ərizəçinin valideynlərinin övladının İtaliyada oxuduğu müddətdə iqtisadi cəhətdən təmin edilməsi üçün maddi imkanlara malik olduğunu sübut etmək məqsədi daşıyan tələbənin ailəsinin iqtisadi vəziyyəti haqqında bəyanatı təsdiq edən sənədlər: iş haqqında arayışlar, həmçinin elektron arayış (e-gov sertifikatı) (on şirkətin rəsmi möhürü olan işəgötürənin başlıqlı kağızı: ərizəçinin tam ünvanı, ofis telefon nömrəsi və qeydiyyat rekvizitləri, işə başlama tarixi, iş təsviri, əmək haqqı.) və ya halda özünüməşğulluq haqqında, son maliyyə ilinin xalis gəliri haqqında müvafiq vergi orqanı tərəfindən verilmiş rəsmi arayış.
Ən azı son altı ayda bank tərəfindən imzalanmış və əmək haqqı, pensiya və ya fərdi məşğulluq fəaliyyətindən müntəzəm gəlirləri əks etdirən bank çıxarışlarının əslini təqdim etmək məcburidir.
QEYD 1: Viza ərizəsinin verildiyi tarixdən altı aydan əvvəl açılmış bank əmanətləri QƏBUL EDİLMƏYƏCƏK.
QEYD 2: Əgər təqaüd qazanmısınızsa bunu təsdiqləyən sənəd müraciət qovluğunuza əlavə edilməlidir.
QEYD 3. Tələbə istənilən yerli bankda cari hesab açdırmalı və minimal olaraq 8.000-10.000 avro civarında (yaxud bu dəyərdə digər valyuta ilə) məbləği öz hesabında göstərməlidir.
10. Sponsorluq barədə arayış
Mövcud maliyyə resurslarının təsviri ilə birlikdə İtaliyada təhsil aldığı bütün müddət ərzində tələbənin valideynlərinin və ya qanuni qəyyumlarının ona maddi dəstək göstərməsi öhdəliyini ifadə edən notariat qaydasında təsdiq edilmiş arayış. Arayış ingilis və ya italyan dilinə tərcümə və notarial təsdiq edilməldir.
11. Qalacağınız yer barədə sənəd
Yataqxana təsdiq sənədi, kirayə müqaviləsi və ya bu yöndən digər təsdiqləyici arayış təqdim edilə bilər. Əgər qeyd olunan seçimlərdən heç biri yoxdursa, o zaman minimal olaraq 30 günlük otel bronu olunmalıdır.
12. Uçuş biletinin bronu
Getmə və ya vizanın başlayacağı tarixdə edilən uçuş bronu təqdim edilməlidir. Biletin alınması tələb olnmur, əgər bilet almaq istəyirsinizsə o zaman tövsiyyə olunur ki, full-flex. şəkildə alasınız.
13. Tibbi sığorta
İstər İtaliya, istərsə də Azərbaycan sığorta şirkətləri tərəfindən verilmiş sığorta qaydaları sığortaçı tərəfindən qaydaların heç bir istisna və ya məhdudiyyətin olmadığı və təcili xəstəxanaya yerləşdirilmə zamanı bütün xərcləri əhatə etdiyi barədə bəyanatla müşayiət olunmalıdır.
Sığorta məbləği 30.000 euro hesablanmalıdır. Sığortaya bəzi hallarda əlavə olaraq 15 gün də hesablanır. İtaliya milli təhsil vizası üçün 1 aylıq sığorta kifayət etsə də, tövsiyə olunur ki, sığorta vizanın başlayacağı gündən axırıncı günə kimi bütün müddəti əhatə etsin.
QEYD: Pasport, şəxsiyyət vəsiqəsi istisna olmaqla, Azərbaycan dilində olan bütün sənədlə italyan və ya ingilis dillinə tərcümə və notarial təsdiq edilməlidir.
QEYD: Bütün iş sertifikatları, bank çıxarışları viza ərizəsinin verildiyi gündən bir aydan gec olmayaraq tarixlənməlidir.
Səfirliyin veb səhifəsindən çıxarış
İyulun 24-dən etibarən İtaliyada təhsil üçün universitet kurslarına yazılan tələbələr əvvəlcədən görüş təyin etmədən TƏHSİL VİZASI ərizəsini birbaşa Viza Müraciət Mərkəzinə – Nizami küç. 96E (Landmark I – mərtəbə I) – təqdim edə bilərlər. Viza mərkəzi təhsil üçün ərizələri bazar ertəsindən cümə gününə qədər (həftə sonları və bayram günləri istisna olmaqla) saat 09.30-dan 16.00-dək qəbul edir.
Müraciət prosedurlarını asanlaşdırmaq məqsədilə tələb olunan sənədləri əvvəlcədən hazırlamanız və bütün tələb olunan sənədlərlə birlikdə Viza Müraciət Mərkəzinə yaxınlaşmağınız rica edilir. Yalnız İtaliyada təhsil üçün universitet kurslarına müntəzəm olaraq qeydiyyatdan keçmiş tələbələr viza üçün müraciət edə bilərlər.
Nəzərə alın ki, tələbələrdən başqa heç bir kateqoriya öz ərizəsini görüş olmadan təqdim edə bilməz.
Hər hansı bir sualınız yarandığı halda +994 12 210 87 65 zəng mərkəzimizlə əlaqə saxlaya və ya info.italybaku@vfsglobal.com elektron poçt ünvanına yaza bilərsiniz.